Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantlarının "Suraxanı" gəmi-muzeyinə ekskursiyası təşkil olunub

Müdafiə Nazirliyinin Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin IV kurs kursantları “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Suraxanı” gəmi-muzeyini ziyarət ediblər.

Əvvəlcə muzeyin yaranma tarixi, eksponatlar, zəngin kolleksiyaları və sərgiləri barədə ziyarətçilərə ümumi məlumat verilib. Daha sonra onlar peşəkar bələdçilərin köməkliyi ilə gəmi-muzeyin ekspozisiya zalları ilə yaxından tanış olublar.

Ekskursiya zamanı bələdçilər kursantlara Azərbaycan və dünya gəmiçiliyinin tarixi, qədim dənizçilik ənənələri, qəhrəman dənizçilərimizin rəşadətli əməyi barədə maraqlı məlumatlar veriblər. Bundan əlavə, kursantlar Azərbaycanın gəmiçilik tarixində iz qoymuş tanınmış dənizçilərin həyat yolu və fəaliyyəti ilə tanış olublar.

Həmçinin, muzeydəki trenajorlardan, oyun manipulyatorlarından və interaktivlərdən istifadə edərək kursanlar müxtəlif gəmi əməliyyatlarını yerinə yetiriblər.

Ekskursiya iştirakçıları həmçinin, Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığı və qazandığı möhtəşəm tarixi zəfəri özündə əks etdirən interaktivlə də tanış olublar.

Azərbaycan Ali Hərbi Məktəbin kursantları gəmi-muzeydən xoş təəssüratlarla ayrılıblar.

BİZİ İZLƏYİN

Bizə abunə olun və "Suraxanı" gəmi-muzeyinə aid olan yeni layihələr və xəbərlər haqqında qısa vaxtda xəbərdar olun.