Tankerin tarixi

Bir zamanlar Xəzərdə üzən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) "Suraxanı" gəmisi dünyanın ilk tankeri “Zoroastr”-la əsası qoyulan Azərbaycanın dənizlə neftdaşıma tarixində mühüm rol oynayıb. Uzunluğu 123.5 metr, dedveyti isə 4696 ton olan “Suraxanı” tankeri Xəzər dənizində 1957-ci ildən istismara verilən “Mühəndis A.Pustoşkin” tipli gəmilərdən biridir.

 

 

 

 

Muzeyin yaradılması

Son dövrlər Gəmiçiliyin tərkibində neft təmizləyici stansiya qismində istismar edilən “Suraxanı” tankerinin muzeyə çevrilməsi ilə bağlı qərar 2017-ci ildə verilib.

Tankerin muzey kimi fəaliyyət göstərməsi üçün gəmidə əsaslı  təmir və yenidənqurma işləri həyata keçirilib. Bu məqsədlə ASCO-nun “Bibiheybət” Gəmi Təmiri Zavodu, eləcə də “Xəzər” MMC-nin insan və texniki resursları səfərbər edilib. Gəminin gövdə və digər hissələrində təmir və yenidənqurma işlərinə ümumilikdə 2000-dən artıq yerli gəmi təmirçisi cəlb olunub.

“Suraxanı” tankerinin muzeyə çevrilməsi üçün Böyük Britaniya, Hollandiya, Türkiyə kimi gəmiçilik ənənələri olan ölkələrin bu sahədə böyük təcrübəsindən istifadə olunub. Gəmi-muzeyin  beynəlxalq standartlara cavab verməsi məqsədilə 100-dən çox nüfuzlu xarici və yerli şirkətlə əməkdaşlıq edilib. Layihənin konsepsiya və dizaynını bu sahədə 90 illik təcrübəyə malik və bir çox uğurlu layihələrə imza atan Böyük Britaniyanın “Freeman XP” şirkəti təqdim edib. Dizaynın layihələndirilməsi isə dünyaca məşhur muzey, elm mərkəzləri, müxtəlif mövzulu pavilyonların hazırlanmasında peşəkarlığı ilə seçilən Hollandiyanının “Hypsos” şirkətinə  həvalə olunub.

BİZİ İZLƏYİN

Bizə abunə olun və "Suraxanı" gəmi-muzeyinə aid olan yeni layihələr və xəbərlər haqqında qısa vaxtda xəbərdar olun.