Haqqımızda

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) "Suraxanı" gəmisi  ölkəmizin dənizlə neftdaşıma tarixində mühüm rol oynayıb. Uzunluğu 123.5 metr, dedveyti isə 4696 ton olan “Suraxanı” tankeri Xəzər dənizində 1957-ci ildən istismara verilən “Mühəndis A.Pustoşkin” tipli gəmilərdən biridir.

Son dövrlər Gəmiçiliyin tərkibində neft təmizləyici stansiya qismində istismar edilən “Suraxanı” tankerinin muzeyə çevrilməsi ilə bağlı qərar 2017-ci ildə verilib.

Tankerin muzey kimi fəaliyyət göstərməsi üçün gəmidə əsaslı  təmir və yenidənqurma işləri həyata keçirilib. Bu məqsədlə ASCO-nun “Bibiheybət” Gəmi Təmiri Zavodu, eləcə də “Xəzər ” MMC-nin insan və texniki  resursları səfərbər edilib.  Gəminin gövdə və digər hissələrində təmir və yenidənqurma işlərinə ümumilikdə 2000-dən artıq yerli gəmi təmirçisi cəlb olunub.

“Suraxanı” tankerinin muzeyə çevrilməsi üçün Böyük Britaniya, Hollandiya, Türkiyə kimi gəmiçilik ənənələri olan ölkələrin bu sahədə böyük təcrübəsindən istifadə olunub. Gəmi-muzeyin  beynəlxalq standartlara cavab verməsi məqsədilə  100-dən çox nüfuzlu xarici və yerli şirkətlə əməkdaşlıq edilib. 

Muzeyin zallarında ən müasir texnoloji avadanlıqlardan istifadə edilməklə, bir sıra innovativ yenilikərə imza atılıb. Ziyarətçilər burada Xəzərin tarixi, Abşeronda neft hasilatı, gəmiçiliyin inkişafı, dünyada ilklərdən sayılan gəmilər, dəniz nəhəngləri, gəmiçiliyin ayrılmaz atributlarından olan naviqasiya alətləri, 5000 ilə yaxın tarixə malik dəniz düyünləri, gəmilərin istismarı zamanı  istifadə edilən  avadanlıqlarla yaxından tanışlıq imkanı qazanacaqlar.

Muzeyin ərazisində restoran da fəaliyyət göstərir. Restoranda milli mətbəx və dəniz məhsullarından hazırlanmış təamlardan dadmaq mümkündür.

Dünyada ilk tanker-muzeyin Bakıda fəaliyyət göstərməsi yerli sakinlər və gündən-günə artan turistlərə  Xəzərin və ölkəmizdə Gəmiçiliyin tarixi, qəhrəman dənizçilərimizin rəşadətli əməyi ilə yaxından tanış olmaq imkanı qazandıracaq. “Suraxanı” gəmi-muzeyi qədim dənizçilik ənənələrinə malik müasir Azərbaycanın  keçmişi ilə  gələcəyi arasında körpü rolunu oynayır.

BİZİ İZLƏYİN

Bizə abunə olun və "Suraxanı" gəmi-muzeyinə aid olan yeni layihələr və xəbərlər haqqında qısa vaxtda xəbərdar olun.