Hər bayramın öz sevinci var

Hörmətli həmkarlar!

Hər bayramın öz gözəlliyi, hər bayramın öz sevinci var. Bu baxımdan peşə bayramını səbirsizliklə gözləyənləri anlamaq çətin deyil.

Möhtəşəm Zəfərlə xalqımıza əbədi fəxarət duyğuları bəxş edən müdrik dövlət başçımız  İlham Əliyev cənablarının bütün dəniz nəqliyyatı işçilərinə ərməğanı olan 25 iyun - “Dənizçi Günü”nü artıq doqquzuncu ildir ki, sonsuz sevinclə yanaşı, həm də böyük minnətdarlıq hissi ilə qeyd edirik.

Sizi peşə bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə uzun ömür, möhkəm cansağlığı, müstəqil Azərbaycanımızın tərəqqisi naminə çətin və şərəfli fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzulayıram.

Çoxminli kollektivimiz bu dəfə də peşə bayramını layiqincə qarşılayır.  Son bir ildə yükdaşımaların həcmi xeyli  artıb, sahil müəssisələrində yüksək istehsalat göstəriciləri əldə edilib. ASCO-nun Xəzərdə aparıcı mövqeyinin qorunub saxlanılması, doğma sulardan uzaqlarda üzən gəmilərimizin uğurlu səfərləri, dənizçilərin həyat və mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində atılan mühüm addımlar da peşə bayramına töhfəmiz sayıla bilər.  

Ölkə başçısının dəniz nəqliyyatı sahəsinə göstərdiyi xüsusi diqqət sayəsində bu gün Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi deyəndə zəngin ənənələri olan və beynəlxalq standartlara uyğun fəaliyyət göstərən müasir gəmiçilik şirkəti başa düşülür.  ASCO Xəzərdə dəmir yolu vaqonlarının, yük və minik avtomobillərinin dəniz vasitəsilə daşınmasını təmin edən yeganə bərə operatorudur və yaratdığı bu imkandan təkcə müstəqil Azərbaycanımız deyil,  dünyanın neçə-neçə ölkəsi bəhrələnir.

Donanmamızın gəmiqayırmanın son nailiyyətləri əsasında inşa olunmuş bərələr, tankerlərlə...  yenilənməsi nə qədər sevindiricidirsə,  göz oxşayan və texniki göstəricilərinə görə sələflərini xeyli üstələyən bu gəmilərin uzaq məmləkətlərdə deyil, məhz doğma respublikamızda  ərsəyə gəlməsi bir  o qədər qürur  doğurur. Bakı Gəmiqayırma Zavodunda inşa olunan hər gəmi ilk növbədə ölkəmizin iqtisadi qüdrətinin təsdiqidir.

Zavodun kollektivi elə bu yaxınlarda - 2022-ci il aprelin 28-də bizi yeni gəmi ilə sevindirdi.

Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının ASCO-nun  sifarişi ilə Bakı Gəmiqayırma Zavodunda inşa olunan “Zərifə Əliyeva” gəmi-bərəsinin istismara verilməsi mərasimində iştirakı isə bizə hədsiz sevinc bəxş etməklə yanaşı, həm də cavabdeh olduğumuz işlər üçün məsuliyyət hissimizi daha da artırdı.

Hazırda “Zərifə Əliyeva” gəmi-bərəsi Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yükdaşıma zəncirinin mühüm həlqəsi olan ASCO-nun digər bərələri ilə birgə yükdaşımalara, ölkəmizin tranzit imkanlarından səmərəli istifadə olunmasına mühüm töhfə verir. Bakı Gəmiqayırma Zavodunda isə ASCO-nun sifarişi ilə inşa edilən növbəti gəmiləri nəzərdə tutulan vaxtda təhvil vermək üçün əllərindən gələni əsirgəmirlər.

Sevindirici haldır ki,  ASCO-nun sifarişi ilə Bakı Gəmiqayırma Zavodunda tikilən və ötən il istismara verilən ilk RoPax tipli "Azərbaycan" gəmi-bərəmiz bu günlərdə Britaniya Kral Dəniz Mühəndisləri Cəmiyyətinin (RİNA) "Significant Ship 2021" reytinqinə əsasən dünyanın ən yaxşı 50 gəmisi siyahısına daxil edilib. 

Əziz dənizçilər!

Əminəm ki, gündən-günə çiçəklənən müstəqil Azərbaycanı qətiyyətlə daha xoşbəxt gələcəyə aparan dövlət başçımızın hər sahədə mütərəqqi siyasətini dəstəklədiyinizi bundan sonra da əməli işinizlə sübut edəcək, müqəddəs bayrağımızı yaxın-uzaq ölkələrin sularında böyük iftixarla dalğalandıracaq, yük daşınmasında, Xəzərdə neft və qaz istehsalında yüksək dəniz nəqliyyatı xidmətləri göstərilməsində çiyninizə düşən bütün vəzifələri layiqincə yerinə yetirəcəksiniz.

Sizə aydın səma, uğurlu səfərlər arzulayıram.

Bayramınız mübarək olsun!

   

Rauf VƏLİYEV,

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”

Qapalı Səhmdar Cəmiyyətinin sədri

BİZİ İZLƏYİN

Bizə abunə olun və "Suraxanı" gəmi-muzeyinə aid olan yeni layihələr və xəbərlər haqqında qısa vaxtda xəbərdar olun.