12 avqust Xəzər Günüdür - MƏQALƏ
Xəzər hövzəsinin sosial-iqtisadi inkişafı bütövlükdə dənizin ekoloji vəziyyətindən çox asılıdır. Bu səbəbdən Xəzərdə ekoloji tarazlığın qorunması bütün sahilyanı dövlətlər, o cümlədən, Azərbaycan üçün prioritet məsələdir.
Xəzərin ekologiyasına mənfi təsir edən bir çox amillər vardır:
- Neft hasilatı və daşınması nəticəsində suyun çirklənməsi
- Xəzərə tökülən çaylar vasitəsilə çirkləndiricilərin daxil olması
- Tarixən Xəzər sahillərində sıx məskunlaşma
Ötən əsrin 1940-50–ci illərində neftin birbaşa dənizdən çıxarılmağa başlandığı dövrdə bu sahənin hələ təkmilləşməməsi səbəbindən dənizin neftlə çirklənməsi halları tez-tez baş verirdi. Belə vəziyyət 1970-ci illərin əvvəllərinə qədər davam etdi. Xəzərin Azərbaycan sektorunda neft hasilatının beynəlxalq ekoloji standartlar və prinsiplərə uyğun qurulması isə 1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin müqaviləsi” ilə başlandı.
Xəzərin incisi sayılan Bakı bulvarı da dəniz ekosisteminin bir parçasıdır. 1998-ci ildə Ulu öndər Heydər Əliyevin sərəncamı ilə dənizkənarı bulvara "Milli Park" statusu verildi. Bulvar sahilboyu ərazilərdə yerləşən, Xəzərin çirklənməsində xüsusi çəkisi olan köhnə gəmi təmiri zavodlarının, limanların köçürülməsi hesabına daha da genişləndi. Burada ekoloji tarazlıq bərpa olundu.
Uzun illər müxtəlif təyinatlı gəmilərin üzdüyü, ümumi sahəsi 50 kv.km, sahil xəttinin uzunluğu 20 km təşkil edən Bakı buxtasında ekoloji vəziyyətin gərginləşməsi təhlükəsi var idi. Prezident İlham Əliyev tərəfindən qəbul edilən “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair Kompleks Tədbirlər Planı” Bakı buxtasında ətraf mühitin qorunmasına münbit şərait yaratdı.
Dövlət səviyyəsində Xəzərdə ekologiyanın qorunması istiqamətində atılan addımlar yerli və xarici şirkətlərin daxili siyasətində də öz əksini tapır. Məsələn, Xəzər dənizində əvvəllər istismar müddəti bitmiş gəmilərin batırılması təcrübəsi var idı. Bu amil də dənizin çirklənməsində xüsusi rol oynayırdı. SOCAR, FHN və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) birgə fəaliyyəti nəticəsində Bakı buxtasının ərazisindən 60-dan artıq batmış və yarımbatmış gəmi çıxarılmışdır. Yeri gəlmişkən, istismar müddəti bitmiş “Suraxanı” gəmisinin muzeyə çevrilməsi həm də ASCO-nun bu işə töhfələrindən biri kimi də dəyərləndirilə bilər.
Son illər Gəmiçiliyin donanmaları müasir, beynəlxalq ekoloji standartlara cavab verən gəmilərlə zənginləşir. Bütün bunlar dənizin ekosisteminin qorunmasına xidmət edir.
Ekoloji vəziyyətin pisləşməsi səbəbindən Xəzərin ən qiymətli sərvətlərindən olan nərəkimilərin nəslinin kəsilməsi təhlükəsi yaranmışdı. Azərbaycanda bu balıq növlərinin sayının bərpası məqsədilə balıqartırma müəssisələri istifadəyə verilmişdir. Bu zavodlar tərəfindən Xəzərə hər il milyonlarla balıq körpələri buraxılır.
2018-ci il avqustun 12-də Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması, həm də Xəzərin ekologiyasının qorunması istiqamətində mühüm addım oldu. Konvensiya əsasında, Xəzəryanı ölkələr öz üzərilərinə dənizin ətraf mühitinin qorunmasına dair öhdəlik götürür və onun çirkləndirilməsinə görə məsuliyyət daşıyırlar.