Zəfər Günü münasibətilə “Suraxanı” gəmi-muzeyinə giriş ödənişsiz olacaq
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Suraxanı” gəmi-muzeyinin iş rejimində 8 noyabr - Zəfər Günü ilə əlaqədar dəyişiklik olunub. Adətən çərşənbə axşamı muzey üçün qeyri-iş günü sayılsa da, həmin gün dünyanın ilk tanker muzeyi fəaliyyət göstərəcək.
Zəfər Günü münasibətilə 8 noyabrda muzeydə “Açıq qapı” günü elan olunacaq. Bununla da, hər kəs ödənişsiz şəkildə muzeyə giriş imkanı əldə edəcək.
Həmin gün muzeyə gələn ziyarətçilər təkcə gəmiçiliyə aid eksponatlarla tanış olmayacaqlar. Onlar 44 gün davam edən Vətən müharibəsinə aid döyüşlər, Prezident İlham Əliyevin çıxışları, xalq, ordu və dövlət birliyini əks etdirən kadrlarla zənginləşdirilmiş 360 dərəcəlik ekranı yaxından izləyəcəklər. Sözügedən ekranda Ermənistanın işğal dövründə vandalizm faktları, eləcə də işğaldan azad olunmuş ərazilərimizdə davam edən quruculuq işləri də nümayiş olunur.
Muzeydə ASCO-da çalışan həmkarlarımızın Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan doğmalarından, həmçinin könüllü şəkildə ön cəbhəyə yollanan ASCO əməkdaşlarından, Azərbaycan Dövlət Dəniz Akademiyasının, Azərbaycan Dənizçilik Kollecinin tələbələrindən, Zəfərdən sonra ASCO-ya işə qəbul edilən Vətən müharibəsi iştirakçılarından bəhs edən “Hər biri qəhrəmandır” kitabı da interaktiv formada təqdim olunacaq.
Zəfər Günü ilə əlaqədar eksponatlar sırasına ASCO-nun Vətən müharibəsi iştirakçılarına aid geyimlər, medallar və müxtəlif əşyalar da daxil ediləcək.
Həmin gün muzeydə keçiriləcək master-klass isə daha çox uşaqların ürəyincə olacaq. Burada balacalar üçün Vətən müharibəsinə həsr olunmuş xüsusi fiqurları rəngləmək imkanı yaradılacaq.
Hər birinizi 8 noyabr tarixində “Suraxanı” gəmi-muzeyində gözləyirik. Gəlin, Zəfər Gününü birlikdə qeyd edək.
Qeyd edək ki, muzey 6 və 9 noyabr tarixlərində də adi rejimdə fəaliyyət göstərəcək.