“Aframax” tipli “Şuşa” tankeri istismara verilib - FOTOLAR+VİDEO
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) fəaliyyət coğrafiyasının genişləndirilərək Xəzərdən kənar hövzələrdə yükdaşıma potensialının artırılmasına dair Prezident İlham Əliyevin müvafiq tapşırıqlarının icrası istiqamətində daha bir mühüm layihə icra olunub.
Layihə çərçivəsində SOCAR və ASCO-nun Müşahidə Şurasının razılığı ilə paritet əsaslarla “SA Maritime AFEZCO” Birgə Müəssisəsi yaradılaraq Ələt Azad İqtisadi Zonasında qeydiyyatdan keçirilib. Birgə Müəssisə bazar araşdırmaları nəticəsində ilkin olaraq 2-si üçüncü tərəfə və 1-i SOCAR-a məxsus olmaqla, hər birinin dedveyti (yəni, ümumi yükgötürmə qabiliyyəti) təxminən 115,000 tona malik 3 “Aframax” tipli tankerin alınması üzrə müvafiq işlər aparıb.
“Aframax” tipli tankerləri Ələt Azad İqtisadi Zonasında qeydiyyatdan keçmiş ASCO-nun 100% törəmə müəssisəsi olan “ASCO Ship Management AFEZCO” şirkəti idarə edəcək. Bu şirkət aparıcı beynəlxalq tələblərə uyğun xidmətlər göstərməklə, idarəetməsindəki gəmi sayını artırmağı, üçüncü tərəflərə məxsus digər gəmilərin də idarəetməsini təmin etməyi və fəaliyyətini genişləndirməyi nəzərdə tutur.
İndiyədək Azərbaycan gəmiçilik tarixində istismar edilən ən böyük tanker 13,000 ton dedveytə malik olub. Beləliklə, həmin gəmilərdən təxminən 10 dəfə böyük olan “Aframax” tipli tankerlərin alınması ilə Azərbaycan gəmiçiliyi yeni dövrə qədəm qoyub.
Respublikamız üçün strateji əhəmiyyətə malik bu layihə neft sənayemizin beynəlxalq dəyər zəncirinə də töhfə verəcək. “Aframax” tipli tankerlər Xəzərdən kənarda fəaliyyət göstərməklə, SOCAR-ın, eləcə də digər sifarişçilərin xam neft yükünün daşınmasını həyata keçirəcək.
Son illərdə inşa edilən əksər gəmilərə ölkə rəhbərinin müvafiq tövsiyə və tapşırıqlarına uyğun respublikamızın füsunkar bölgələrinin adları verilir. Xüsusilə də Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında qalib Azərbaycan Ordusu tarixi torpaqlarımızı işğaldan azad etdikdən sonra yeni gəmilər Qarabağ və Şərqi Zəngəzur bölgələrinə aid toponimlərlə adlandırılır. Birgə layihə çərçivəsində istismara qəbul edilən “Aframax” tipli tankerlər də məhz ölkə başçısının qərarı ilə Azərbaycan xalqı üçün mühüm əhəmiyyət kəsb edən tarixi torpaqlarımızın şərəfinə “Qarabağ”, “Şuşa” və “Zəngəzur” adlarını daşıyacaq.
15 iyun 2023-cü ildə, Milli Qurtuluş Günündə ölkəmizin hüdudlarından xeyli uzaqda – Sinqapurda “ASCO Ship Managment AFEZCO” şirkətinin idarəetməsinə qəbul edilən “Aframax” tipli tankerlərdən birincisində – “Şuşa” gəmisində üçrəngli bayrağımızın qaldırılması və tankerin istismara verilməsi mərasimi keçirilib.
Mərasimdə çıxış edən ASCO sədri Rauf Vəliyev bildirib ki, Azərbaycan gəmiçiliyinin bu gün yeni dövrə qədəm qoya bilməsi Ulu Öndər Heydər Əliyevin zamanında gəmiçilik sahəsinə göstərdiyi dəstəyin, bu sahədə uzaqgörən və strateji baxışının məntiqi davamıdır. O, istər Azərbaycana rəhbərlik etdiyi, istərsə də SSRİ-nin Ali Rəhbərliyində işlədiyi dövrlərdə gəmiçiliyin inkişafı, o cümlədən həmin dövrdə ayrı-ayrılıqda fəaliyyət göstərən Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin və Xəzər Dəniz Neft Donanmasının tərkibinin çoxlu sayda müxtəlif təyinatlı yeni gəmilərlə zənginləşdirilməsi istiqamətində böyük işlər görüb. Bu gəmilər müstəqilliyimizin ilk və çətin illərində iqtisadiyyatın inkişafında, “Əsrin Müqaviləsi”, eləcə də digər dəniz neft və qaz layihələrinin müvəffəqiyyətlə icrasında əvəzsiz rol oynayıb.
ASCO-nun sədri vurğulayıb ki, hazırda Prezident İlham Əliyev müasir nəqliyyat, o cümlədən gəmiçilik siyasətini layiqincə davam etdirir. Məhz, “Aframax” tipli tankerlərin alınması da dövlət başçısının birbaşa dəstəyi və diqqəti ilə mümkün olub.
Rauf Vəliyev qeyd edib ki, “Heydər Əliyev İli” elan olunan 2023-cü il Azərbaycan dənizçiləri üçün çox əlamətdardır. Belə ki, dənizçilərimiz bu il Ulu Öndərin 100, Azərbaycan gəmiçiliyinin 165 və cənab Prezident İlham Əliyevin sərəncamı ilə yenidən təşkil edilən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin yaranmasının 10 illik yubileyini qeyd edirlər. Belə bir əlamətdar ildə istismara verdiyimiz məhdudiyyətsiz üzmə imkanlarına malik olan, Azərbaycanın tarixi torpaqlarının adlarını daşıyan və milli bayrağımız altında üzəcək bu tankerlər dünya sularında ölkəmizi qürurla təbliğ edəcək və Vətənimizin simvoluna çevriləcək.
Sədr əlavə edib ki, bir müddət əvvəl yerli bazarda uğurla buraxılan “ASCO istiqrazları”ndan cəlb olunan vəsait sözügedən “Aframax” tipli tankerlərin alınması layihəsi üzrə ASCO-nun payının maliyyələşdirilməsinə yönləndirilib.
Daha sonra Dövlət Himninin sədaları altında gəmidə üçrəngli bayrağımız qaldırılıb. ASCO sədri gəmi kapitanına Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşaya aid suvenir təqdim edib.
Qeyd edək ki, layihə çərçivəsində alınan digər iki “Aframax” tipli tanker – “Qarabağ” və “Zəngəzur” tankerlərinin də Xəzərdən kənarda istifadəyə verilməsi işləri tamamlanmaq üzrədir. Gəmilər yaxın həftələrdə növbəli şəkildə istismara veriləcək.