Fədakar Azərbaycan dənizçilərinin xatirəsinə ucaldılmış heykəltəraşlıq kompozisiyası

Bakıda fədakar Azərbaycan dənizçilərinin xatirəsinə  ucaldılan heykəltəraşlıq kompozisiyasının  açılışı olub.  “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) sifarişi əsasında hazırlanan  əsərin müəllifləri xalq rəssamları Səlhab Məmmədov və Əli İbadullayev, memarı əməkdar memar Elxan Əsədovdur.

Dənizkənarı bulvarda “Suraxanı” gəmi-muzeyinin yaxınlığında yerləşən  abidənin hazırlanmasında bürünc və mərmərdən istifadə olunub. Müasir tərzi ilə seçilən abidənin ölçüsü 420 sm х 410 sm,  postamentinin ölçüsü isə 130 sm-dir.

Heykəltəraşlıq kompozisiyası dinamik fiqurlu dalğanı yaran gəmi pəri ilə təqdim edilib. Hərəkətdə olan su – həyat simvoludur.  Hətta konkret yerdə yaranan kiçik dalğa belə su səthində  yeni  dalğaların əmələ gəlməsinə səbəb olur. Müəlliflərin fikrincə, hər zaman hərəkətə təkan verən, onun təməlini qoyan başlanğıc – dayaq nöqtəsi olur.  Təqdim edilən heykəltəraşlıq kompozisiyasında gəmi pəri hərəkəti yaradan əsas səbəb və istinad nöqtəsidir. Məhz o,  böyük gəmiyə hərəkət verir, dövr edərək suyu təlatümə gətirir və yaranan dalğaları sürətləndirir. Bu pər Xəzərdə gəmiçiliyin inkişafını simvolizə etməklə bərabər, həm də dənizçilərin enerji mənbəyi və həyatlarının ayrılmaz atributu kimi təqdim edilib.

Möhtəşəmliyi və müasirliyi ilə diqqəti çəkən abidə dənizçi peşəsinə ölkəmizdə göstərilən diqqət və qayğının bariz nümunəsidir. Abidə nəinki dənizçilər və onların ailə üzvləri, eyni zamanda paytaxt sakinləri və şəhərimizin qonaqlarının böyük sevgi ilə ziyarət edəcəkləri məkanlardan birinə çevriləcək.

BİZİ İZLƏYİN

Bizə abunə olun və "Suraxanı" gəmi-muzeyinə aid olan yeni layihələr və xəbərlər haqqında qısa vaxtda xəbərdar olun.