"Üç əsrə şahid" filmi gəmi-muzeydə nümayiş olunub
Milli gəmiçiliyin əsasının qoyulmasının 165 illiyinə həsr olunmuş “Üç əsrə şahid” qısametrajlı bədii-sənədli filmin “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) "Suraxanı" gəmi-muzeyində nümayişinə başlanılıb.
Filmin gəmi-muzeydə nümayişi böyük maraqla qarşılanıb.
Qeyd edək ki, quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Elxan Cəfərov olan ekran əsərində milli gəmiçiliyin zəngin tarixi, ənənələri, müasir dövrdəki inkişafı əksini tapıb. Bundan başqa, filmdə 1855-1916-cı illərdə yaşamış azərbaycanlı dənizçi Hacı Vahab Əliqulu oğlunun timsalında dənizçilərimizin ümumiləşdirilmiş obrazı təqdim olunur.
Xalq artisti Fəxrəddin Manafovun əsas qəhrəmanı canlandırdığı filmdə bədii səhnələrlə yanaşı, izləyiciləri təəccübləndirəcək sənədli kadrlar da yer alıb.
Filmin süjet xətti kimi, musiqisi də orijinallığı ilə seçilir. Ekran işində səslənən “Xəzərin sahilində” mahnısına Xalq artisti Alim Qasımov və Araz Hümbətli yeni nəfəs verib.