“Xəzərin sahilində” adlı albom işıq üzü görüb
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) təşəbbüsü ilə dəniz və gəmiçilik mövzusunda oxunan mahnılardan ibarət “Xəzərin sahilində” adlı albom işıq üzü görüb.
Albomun ilk mahnısı ASCO-nun sifarişi ilə çəkilən “Üç əsrə şahid” qısametrajlı bədii-sənədli filmi üçün hazırlanan “Xəzərin sahilində” mahnısıdır. Əfsanəvi “Yuxu” qrupunun ifasında hər kəsə tanış olan həmin mahnıya bu dəfə Xalq artisti Alim Qasımov və gənc ifaçı Araz Hümbətov yeni nəfəs verib.
Qeyd edək ki, Azərbaycanda gəmiçiliyin əsasının qoyulmasının 165 illiyinə həsr olunan layihə ASCO-nun Korporativ Sosial Məsuliyyəti çərçivəsində milli mahnı xəzinəmizin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi istiqamətində görülən işlərə töhfədir.