“Suraxanı” gəmi-muzeyində “20 Yanvar – Qəhrəmanlıq salnaməsi” adlı sərgi təşkil olunacaq

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Suraxanı” gəmi-muzeyində xalqımızın milli müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevirilən 20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr olunmuş “20  Yanvar – Qəhrəmanlıq salnaməsi” adlı sərgi təşkil olunacaq.  

17-21 yanvar tarixlərində baş tutacaq sərginin məqsədi doğma yurdunun, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladlarını yad etmək, onların göstərdikləri şüacəti geniş auditoriyaya çatdırmaqdan ibarətdir.

Layihə çərçivəsində “20 Yanvar – Rəssamların gözü ilə” adlı rəsm sərgisi ilə yanaşı, Gəmi-muzeyin “Dəyərlərdə həmrəylik, inkişafa sadiqlik" zalında Qanlı Yanvar qurbanlarına aid şəxsi əşyalar, arxiv sənədlər, o cümlədən faciəni özündə əks etdirən müxtəlif materiallardan ibarət sərgi də təşkil olunacaq. Burada həmin gün dənizdə haqq savaşında ölüm-dirim mübarizəsi aparan dənizçilər haqqında məlumatlar da yer alacaq. Ziyarətçilər “Sabit Orucov” gəmisinə məxsus eksponatlarla yanaşı, hadisələr zamanı yaradılan “Kapitanlar şurası”nın 7 üzvündən biri,  o dövrki SSRİ hərbi naziri Dmitriy Yazovla görüşən Müzəffər Əliyevə aid şəxsi əşyalarla da tanış ola biləcəklər.

Sərgi ərzində ASCO-nun təşəbbüsü ilə çəkilən və quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Elxan Cəfərov olan “20 yanvarda doğulanlar” bədii-sənədli film ziyarətçilərə təqdim ediləcək. 20 Yanvarda dənizdə yaşanan hadisələri, dənizçilərin göstərdiyi qəhrəmanlıqlar özündə əks etdirən ekran işi saat 12:00, 13:00, 14:00, 15:00, 16:00, 17:00 və 18:00 olmaqla, hər gün 7 dəfə nümayiş olunacaq.

BİZİ İZLƏYİN

Bizə abunə olun və "Suraxanı" gəmi-muzeyinə aid olan yeni layihələr və xəbərlər haqqında qısa vaxtda xəbərdar olun.