“Suraxanı” gəmi-muzeyinin beynəlxalq əlaqələri genişlənir

Moskva Nəqliyyat Muzeyinin direktoru Oksana Bondarenko "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) “Suraxanı” gəmi-muzeyini ziyarət edib.

Gəmi-muzey və onun unikal ekspozisiyası ilə yaxından tanış olan qonağa muzeyin direktoru Tural İbrahimov məlumat verib ki, 165 ildən çox zəngin tarixə malik Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin tərkibində fəaliyyət göstərən “Suraxanı” dünyanın ilk tanker-muzeyidir. Azərbaycanda qədim tarixə malik dənizçiliyin keçmişini, bu gününü və gələcəyini özündə birləşdirən tanker-muzey Prezident İlham Əliyevin dəstəyi ilə yaradılıb. Muzey qismində “Suraxanı” tankerinin seçilməsi isə təsadüfi deyil. Bu gəmi öz dövrü üçün ən iri və müasir tankerlərdən biri olub.

O əlavə edib ki, muzeyin zallarında ən müasir texnoloji həllər tətbiq olunub. Burada oyun manipulyatorları vasitəsilə yanalma əməliyyatını müstəqil şəkildə yerinə yetirmək mümkündür. Həmçinin ziyarətçilər 360 dərəcəli ekranla nümayiş olunan videoda baş verənlərin birbaşa “iştirakçısı”na çevrilirlər.

Tural İbrahimov muzeyin icra etdiyi layihə və tədbirlər barədə də qonağa ətraflı məlumat verib, həmçinin gələcək planlardan danışıb.

Görüş zamanı tərəflər arasında sərgi mübadiləsi, muzey işi ilə bağlı konfransların, seminarların, treninqlərin keçirilməsi, daşınar mədəniyyət sərvətlərinin mühafizəsi, konservasiyası və bərpası, elektron kataloqların yaradılması ilə bağlı təcrübə mübadiləsi, beynəlxalq proqramlar və layihələr çərçivəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, “Suraxanı” gəmi muzeyi daim istər ölkəmizdə fəaliyyət göstərən, istərsə də beynəlxalq muzeylərlə əlaqələrin qurulmasına və genişlənməsinə maraq göstərir. İndiyədək bu istiqamətdə bir çox əməkdaşlıqlar qurulub və birgə səmərəli layihələr icra olunub. Belə uğurlu əməkdaşlıqlardan sonuncusu Milli Azərbaycan Tarix Muzeyi ilə həyata keçirilib. Birgə layihə çərçivəsində mədəni irsin qorunması, öyrənilməsi və təbliği məqsədilə Tarix Muzeyində mühafizə olunan sualtı arxeologiya materialları əsasında gəmi-muzeydə “Xəzərin irsi” adlı sərgi təşkil olunub.

BİZİ İZLƏYİN

Bizə abunə olun və "Suraxanı" gəmi-muzeyinə aid olan yeni layihələr və xəbərlər haqqında qısa vaxtda xəbərdar olun.