ASCO gəncləri üçün “Suraxanı” gəmi muzeyi və “Üç əsrin şahidi” muzeyinə ziyarət təşkil olunub
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dənz Nəqliyyatı Donanması, Xəzər Dəniz Neft Donanması, “Bibiheybət” Gəmi Təmiri Zavodu və “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun bir qrup gənc əməkdaşı ASCO-nun inzibati binasındakı “Üç əsrin şahidi” və Dənizkənarı Milli Parkdakı “Suraxanı” gəmi muzeyini ziyarət edib.
İnsan resurslarının idarəedilməsi departamentinin təşəbbüsü ilə təşkil olunan ziyarət “Üç əsrin şahidi” muzeyindən başlayıb. Burada gənclər Azərbaycanda dənizçiliyin keçdiyi inkişaf yoluna aid maraqlı eksponat və sənədlərlə yaxından tanış olublar.
Daha sonra gənclər “Suraxanı” tanker-muzeyinə gəliblər. Burada bələdçilər muzey haqqında ziyarətçilərə ətraflı məlumat veriblər. Ümumilikdə 10 zaldan ibarət tanker-muzeyi gənclər bir saatdan çox gəzmək imkanı əldə ediblər. Muzeydəki eksponatlarla yanaşı, zallarının qeyri-adi quruluşu və burada tətbiq olunan innovativ yeniliklər gənclərin böyük marağına səbəb olub.
ASCO-nun donanmalarında və zavodlarında çalışan əməkdaşlar “Suraxanı” gəmi-muzeyində bəzi gündəlik iş prosesinin imitasiyasını da maraqla qarşılayıblar.
Bir sözlə, gənc ASCO əməkdaşları onlar üçün doğma olan muzeylərdən xoş təəssüratlarla ayrılıblar.
Qeyd edək ki, bu cür ziyarətlər növbəti dövrlərdə digər strukturlar üzrə də təşkil olunacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır