"Bizimlə öyrən" rubrikası - Mayaklar
Mayakların tarixi
Mayak - gəmilərə yol göstərən, onlara təhlükələrdən yayınmağa yardım edən siqnal işıqlı qüllədir. İlk mayaklar 4 min il əvvəl, Aralıq dənizi sahillərində meydana gəlib. Əvvəllər mayak kimi sahildə qalanmış tonqallardan istifadə edilirdi. Sonradan yunanlar xüsusi daş qüllələr inşa etməyə, onların damında alov yandırmağa başladılar. Orta əsrlərdə mayaklarda daş kömür, daha sonra kerosin, qaz lampalarından istifadə edilirdi. XX əsrin əvvəllərindən onları elektrik lampaları əvəz etdi. Texnologiyalar təkmilləşdikcə mayaklara tələbat da azaldı. Bu gün mayakların əksəriyyəti yalnız abidə kimi qorunur.
Abşeron mayakı
Gəmiçiliyin ayrılmaz atributlarından olan mayakları Azərbaycan sahillərində də görmək mümkündür. Onlardan ən qədimi Abşeron mayakıdır. Yerli mayaklardan ən irisi olmaqla, Pirallahı adası ilə üzbəüz tikilməyə başlamış, 1860-cı ildə istifadəyə verilmişdir. O, 25 metrlik, lövbərlər şəklində pəncərələr və tağlı giriş ilə orijinal konstruksiyalı daş qüllədən ibarətdir. Yuxarıya 102 pilləli dolanbac pilləkən aparır. İşığı 38 km uzaqlıqdan görünən mayak gəmilərin buxtaya təhlükəsiz daxil olmasını təmin edirdi. Mayak kerosin lampası ilə işıqlandırılırdı.
Herkules mayakı
İspaniyanın La-Korunya şəhəri yaxınlığında, 2000 ildən artıqdır ki, 70 metrlik mayak ucalır. Bu, qədim romalılar tərəfindən inşa edilmiş, günümüzə qədər gəlib çatmış yeganə fəaliyyətdə olan ən qədim mayak – Herkules qülləsidir. Qədim dövrlərdə bu ərazilər dəniz səyyahları üçün ən çətin keçilən sahələrdən sayılırdı. Buna görə də , eramızın I əsrində romalılar Qalisiyanı işğal etdikdən sonra gəmilərin təhlükəsizliyini təmin etmək üçün bir neçə mayak inşa etdilər. Onlardan biri də Herkules qülləsi idi. 234 pillədən ibarət mayak II əsrdə, Mars tanrısının şərəfinə ucaldılıb. Qüllə XVII əsrdə bərpa edilib, XVIII əsrdə isə yenidən qurulub. Hazırda 4 mərtəbədən ibarət qüllədə, hələ qədim romalıların istifadəsində olmuş 4 otaq qalmaqdadır. Mayak bu gün də fəaliyyət göstərir və hər 20 saniyədən bir işıq siqnalı ötürür.
İsgəndəriyyə mayakı
Qədim dünyanın ən məşhur fatehlərindən olan İsgəndər Makedoniyadan Hindistana uzanan yolun üzərində bir neçə şəhər saldı. Onlardan ən məşhuru 23 əsr əvvəl əsası qoyulmuş Misirdəki İsgəndəriyyə idi. İllər sonra Çar Ptolomey I Soter (e.ə. 323-285-ci illərdə) İsgəndəriyyədə mayak inşa etməyi qərara aldı. Faros adasında, memar Sostratın layihəsi əsasında on minlərlə qulun əməyinin nəticəsi olaraq hündürlüyü bəzi məlumatlara görə 110, digərlərinə görə isə hətta 180 metrə çatan qüllə inşa edildi. Mayakın inşasında istifadə edilən daş blokların ağırlığı 75 tona çatırdı. Mayakın nəhəng “fənər”inə təxminən 300 nəfər xidmət göstərirdi. Onlar qülləyə odun və digər yanar materiallar daşıyırdılar. Mayakın işığı ən azı 50 km məsafədən görünürdü. Dünyanın yeddi möcüzəsindən biri sayılan mayak dənizçilərə təxminən 1000 il xidmət etdi. Təəssüf ki, 1326-cı ildə baş verən dağıdıcı zəlzələ bu nadir memarlıq nümunəsinin günümüzə gəlib çatmasına mane oldu.
Lakin “Suraxanı” gəmi-muzeyində nümayiş olunan İsgəndəriyyə mayakının dəqiq surəti olan bu maket qüllə haqqında aydın təsəvvür yarada bilir.