Əmək fəaliyyətində fərqlənən bir qrup gənclə qeyri-rəsmi formatda görüş keçirilib
Gənclərə diqqət və qayğı, onların karyera yüksəlişi məsələləri ASCO-nun başlıca fəaliyyət istiqamətlərindəndir. Gənc kadrların hazırlanması, onların xarici ölkələrin aparıcı dənizçilik universitetlərində təhsil alması, ADDA-da oxuyan tələbələrin stimullaşdırılması “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) rəhbərliyinin daim diqqət mərkəzindədir.
Bu gün “ Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) sədri Rauf Vəliyev əmək fəaliyyətində uğurlu nəticələr göstərən üzən heyətin bir qrupu ilə səmimi şəraitdə görüş keçirib.
Rauf Vəliyev öncə Ümummilli Lider Heydər Əliyevin gənclərə göstərdiyi diqqət və qayğıdan, hazırda Prezident İlham Əliyevin ölkədə gənclərin öz imkan və bacarıqlarını inkişaf etdirmələri üçün yaratdığı şəraitdən danışıb. Bildirib ki, bütün sahələrdə olduğu kimi Prezident İlham Əliyev dənizçiləri, onların həyat səviyyələrinin daha da yaxşılaşmasını daim xüsusi diqqətdə saxlayır, mütəmadi tapşırıqlar verir, dənizçilik sahəsinin inkişafına yönələn təşəbbüsləri dəstəkləyir.
Sədr Azərbaycan Dövlət Dəniz Akademiyasının məzunları olan gəncləri ASCO-da fəaliyyət göstərdikləri bu qısa müddət ərzində əldə etdikləri uğurlara görə təbrik edib. Bildirib ki, ASCO-nun çoxminli kollektivinin böyük bir hissəsini yüksək vətəndaşlıq hisslərinə malik gənclər təşkil edir. Gəmiçiliyin rəhbərliyi də qarşıda duran çətin və şərəfli vəzifələrin həllində onların istedad və bacarığına, təşəbbüskarlığına arxalanır. Gənclərimizin ümidləri doğrultduqlarını müşahidə etmək çox sevindiricidir.
Sədr gənc dənizçi mütəxəssislərinin yetişdirilməsi üçün ASCO-da həyata keçirilən layihələr barədə ətraflı məlumat verib. Əlavə edib ki, istedadlı və perspektivli gənclər hər zaman ASCO sıralarında öz yerlərini tuta bilirlər.
Rauf Vəliyev gənclərə tövsiyələrini də verib. Bildirib ki, uğur əldə etmək üçün hər kəs öz üzərində davamlı çalışmalı, daha çox oxumalı, vicdanlı və sədaqətli olmalıdır.
Qeyri-rəsmi formada keçən görüşdə gənclər onları düşündürən suallarla müraciət ediblər. Bütün sualları ASCO rəhbərliyi ətraflı cavablandırıb. Qeyd olunub ki, artıq ənənə halını alan bu formatda görüşlər gələcəkdə də təşkil ediləcək.
Gənc dənizçilər ASCO-nun yeni inzibati binasında təşkil olunan “Üç əsrin şahidi” və “Suraxanı” gəmi-muzeyi ilə də yaxından tanış olublar.