ASCO-da Vətən müharibəsi iştirakçıları ilə görüş keçirilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) 8 noyabr Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

ASCO rəhbərliyinin, müharibədə iştirak etmiş əməkdaşların, Şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın ASCO-da çalışan valideynlərinin iştirak etdiyi tədbir Dövlət Himninin səsləndirilməsi və Vətən müharibəsi şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Daha sonra müstəqil Azərbaycanın ərazi bütövlüyü üçün canından və qanından keçən və keçməyə hazır olan dənizçilərdən bəhs edən “Hər biri qəhrəmandır” kitabının təqdimatı olub.  

Tədbirdə çıxış edən ASCO-nun sədri Rauf Vəliyev Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük haqq savaşında qazanılan qələbədən, qəhrəman oğullarımızın göstərdiyi şücaətdən danışıb. 

Sədr bildirib ki, heç şübhəsiz, bu qələbə hakimiyyətdə olduğu müddətdə Ulu öndər Heydər Əliyevin ölkəmizin inkişafı ilə bağlı müxtəlif istiqamətlərdə atdığı ölçüyəgəlməz addımların nəticəsində mümkün oldu. Məhz, onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin peşəkar idarəçiliyi və qətiyyəti nəticəsində Azərbaycan Ordusu 44 gün ərzində tarix yazdı. Xalqın Ali Baş Komandan ətrafında dəmir yumruq kimi birləşməsi də qələbəmizi şərtləndirən əsas amillərdən idi. 

Sevindiricidir ki, Vətən müharibəsi zamanı haqq-ədalətin bərpa edilməsində, yağı düşmənin torpaqlarımızdan qovulmasında, xalqımızın Qarabağ həsrətinə son qoyulmasında Azərbaycan dənizçilərinin də payı var. Döyüşlərin başladığı ilk günlərdən ASCO ailəsinin bütün üzvləri  Ali Baş Komandanın və Ordumuzun yanında idi. 58 nəfər əməkdaş isə silaha sarılaraq ön cəbhəyə yollandı və qorxmazlıq, cəsarət nümayiş etdirdi. Odun-alovun içərisinə atılanlar arasında Azərbaycan Dövlət Dəniz Akademiyasının və Azərbaycan Dənizçilik Kollecinin tələbə və məzunları da az deyildi.

Şəhidlərin əziz xatirəsinin hər zaman yüksəkdə durduğunu deyən Rauf Vəliyev onların valideyinlərinə sonsuz təşəkkürünü bildirib. Sədr Şəhid ailələrinin və qazilərin dövlət qayğısı ilə əhatələndiyini, bu məsələyə ASCO-da da xüsusi həssaslıqla yanaşıldığını diqqətə çatdırıb. Bildirib ki,  hər ay həm Birinci Qarabağ, həm də İkinci Qarabağ müharibəsində ailəsində şəhid olan ASCO əməkdaşlarına 300, müharibə əlillərinə 250, müharibə iştirakçılarına 150 AZN ödəniş olunur. Həmçinin, işə qəbul zamanı Şəhid ailələrinin üzvlərinə və qazilərə üstünlük verilir. İndiyədək 7 nəfər Vətən müharibəsi şəhidinin ailə üzvü, 60 nəfər qazimiz ASCO-da işlə təmin olunub. Hazırda daha 30-a yaxın Vətən müharibəsi iştirakçısının işlə təmin olunması ilə bağlı proses davam etdirilir. Bundan başqa, ötən bir ildə ASCO tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin başlatdığı “Məşğulluq Marfonu”na 7 vakansiya təqdim olunub.

ASCO rəhbəri bildirib ki, tarixi zəfərlə ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu gün artıq Qarabağda böyük layihələr gerçəkləşdirilir. Əminik ki, çox keçmədən  dədə-baba yurdundan didərgin düşmüş hər kəsin Qarabağa qayıdışı təmin olunacaq. Prezident İlham Əliyev və I vitse Prezident Mehriban xanım Əliyevanın Qarabağa hər səfəri bu tarixi günlərin qısa müddətdə baş tutacağına inamı artırır.

Şəhid valideynləri adından çıxış edən ASCO-nun Donanmanın Texniki İstismar Departamentinin rəisi Balakişi Səfərov övladı Məmmədağa Səfərovun qısa ömür və şərəfli döyüş yolu haqqında danışıb.

Vətən müharibəsi iştirakçısı Xəzər Dəniz Layihə Elmi-Tədqiqat İnstitutunun direktoru Oyrad Abdullayev, Dəniz Nəqliyyatı Donanmasının Texniki istismar xidmətinin mütəxəssisi Dəryanur Heybətov döyüş xatirələrindən, Ali Baş Komandanın qətiyyətindən, xalqımızın birliyindən danışıblar.

Çıxış edənlər göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və ASCO rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Sonra Zəfər Gününə həsr olunmuş “Haqqın Zəfəri” filmi təqdim olunub.

Filmdən sonra müharibə iştirakçıları ASCO-nun “Suraxanı” gəmi-muzeyinə ekskursiyaya dəvət ediliblər.

BİZİ İZLƏYİN

Bizə abunə olun və "Suraxanı" gəmi-muzeyinə aid olan yeni layihələr və xəbərlər haqqında qısa vaxtda xəbərdar olun.