“Suraxanı” gəmi-muzeyində Gənclər Günü qeyd edilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Suraxanı” gəmi-muzeyində 2 Fevral Gənclər Günü qeyd edilib.

Belə ki, Gənclər Günü münasibətilə ASCO-nun Azərbaycan Dövlət Dəniz Akademiyasının və Azərbaycan Dənizçilik Kollecinin tələbələri üçün muzeyə pulsuz giriş imkanı yaradılıb. Muzeyi ziyarət etmək istəyən digər ali və orta ixtisas təhsil müəssisələrinin tələbələrinə isə xüsusi güzəştlər olunub.

İstər ASCO-nun tərkibində fəaliyyət göstərən, istərsə də digər təhsil müəssisələrində oxuyan tələbələr “Suraxanı” gəmi-muzeyinə böyük maraq göstərib. 

Tələbələr muzeyin ekskursiya zallarını gəzib, gəmiçiliyə aid  maraqlı və unikal eksponatlarla bələdçilərin köməkliyi ilə yaxından tanış olublar. Həmçinin, ziyarətçilərə Ümumilli lider Heydər Əliyevin əsasını qoyduğu, bu gün  cənab Prezident İlham Əliyev tərəfindən uğurla reallaşdırılan  gənclər siyasətindən, bu siyasətin gəmiçilik sahəsində çalışan gənclərə açdığı yeni imkanlar haqqında danışılıb.  

Tələbələr Gənclər Günü münasibətilə təşkil olunan ekskursiyadan xoş təəssüratlarla ayrılıb, yaradılan fürsətə görə təşəkkürlərini bildiriblər.

BİZİ İZLƏYİN

Bizə abunə olun və "Suraxanı" gəmi-muzeyinə aid olan yeni layihələr və xəbərlər haqqında qısa vaxtda xəbərdar olun.