Bayılda qeyri-adi gəmi: Dünyada ilk və yeganə muzey... - Reportaj
Muzeyləri gəzməyi, onlar haqqında yazmağı sevirəm. Bu yazımda sizinlə ölkənin ən maraqlı muzeylərindən birinə ziyarət edəcəyik.
Tanış olacağımız muzey digərlərindən fərqli olaraq, 4 divar arasında yox, 65 illik tarixi olan gəmidə yerləşir. Səyəhət edəcəyimiz muzey paytaxtın Bayıl bulvarındadır.
Muzeyin yerləşdiyi “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) məxsus "Suraxanı" gəmisi ölkəmizin dənizlə neftdaşıma tarixində mühüm rol oynayıb. Uzunluğu 123.5 metr, dedveyti 4696 ton olan “Suraxanı” tankeri Xəzər dənizində 1957-ci ildən istismara verilən “Mühəndis A.Pustoşkin” tipli gəmilərdən biridir.
Elə həmin ildən neft təmizləyici stansiya qismində istismar edilən “Suraxanı” tankerinin muzeyə çevrilməsi ilə bağlı qərar 2017-ci ildə verilib.
Muzeydə bizi müşayiət edən bələdçi Nurşanə xanım muzey kimi fəaliyyət göstərməsi üçün gəmidə əsaslı təmir və yenidənqurma işlərinin aparıldığını dedi. Yenidənqurma işlərinə ümumilikdə 2000-dən artıq yerli gəmi təmirçisi cəlb olunub.
Təbii ki, tankerin möhtəşəmliyini sizə çatdırmaq istəsəm də, gəminin əzəmətini ifadə etməyə nə sözlərim yetər, nə də fotolar kifayət edər.
Muzeyi ziyarət etmək üçün böyüklər 5 manat, məktəblilər isə 2 manat ödəniş etməlidirlər. Milli qəhrəmanlar, şəhid ailələri, sovet ittifaqı qəhrəmanları, böyük vətən müharibəsi, Əfqanıstan və Qarabağ müharibələrinin iştirakçıları, 1-ci və 2-ci qrup əlillər və onları müşayiət edən 1 nəfər şəxs, 20 Yanvar və Çernobıl hadisələri əlilləri, veteran dənizçilər biletləri ödənişsiz və növbəsiz almaq hüququna sahibdirlər.
Muzey tərkibində ekskursiya müddəti 90 dəqiqədir. Eyni zamanda ekspozisiya zalına maksimum 10 nəfərin daxil olmasına icazə verilir. Muzey həftədə 5 gün – çərşənbə, cümə axşamı, cümə, şənbə və bazar günləri saat 10:00-19:00-dək ziyarətçilərini qəbul edir.
İndi isə gəmidə səyahətə başlayaq. Gəminin müvazinəti müxtəlif tərəflərdən polad zəncirlər vasitəsilə saxlanılır. Onun salonlarında ən müasir texnoloji avadanlıqlardan istifadə edilməklə, bir sıra innovativ yenilikərə imza atılıb. Ziyarətçilər burada Xəzərin tarixi, Abşeronda neft hasilatı, gəmiçiliyin inkişafı, dünyada ilklərdən sayılan gəmilər, dəniz nəhəngləri, gəmiçiliyin ayrılmaz atributlarından olan naviqasiya alətləri, 5000 ilə yaxın tarixə malik dəniz düyünləri, gəmilərin istismarı zamanı istifadə edilən avadanlıqlarla yaxından tanış ola bilərlər.
Muzeyin ərazisində restoran da fəaliyyət göstərir. Restoranda milli mətbəx və dəniz məhsullarından hazırlanmış təamlardan dadmaq mümkündür.
Xüsusilə vurğulamalıyam ki, bu muzey dünyada ilk və yeganə tanker-muzeydir.
Muzeyin giriş zalında ziyarətçiləri kapitan və baş köməkçi qarşılayaraq heyət üzvləri, onların vəzifələri barədə məlumatlandırırlar. Bu zal gəmilərdə təhlükəsizlik texnikası və insan həyatının xilasetmə avadanlıqlarına dair eksponatlarla zəngindir.
Pilləkənlərdən aşağı düşüb, dünyaca məşhur muzeyin içərisinə daxil oluruq. Bələdçi olduğumuz gəminin maketini göstərərək, hazırda gəminin ən dərin qatında – suların altında olduğumuza işarə edir.
Muzey ümumillikdə 10 zaldan ibarətdir. Ziyarətçilər bu zallarda okeanlardan toplanıb restovrasiya edilmiş müxtəlif eksponatlar, su canlıları, müxtəlif gəmi maketləri, kapitan otağı, formaları ilə tanış ola, quraşdırılmış oyunlarda iştirak edə bilərlər.
Gəmi üç mərtəbədən və göyərtədən ibarətdir. Gəmidə gəzərkən ehtiyatlı olmaq mütləqdir.
Mənə xüsusilə maraqlı olan "Naviqasiya və kommunikasiya" zalı oldu. Burada gəmiçilikdə istifadə edilən günümüzə çatmış qədim və orta əsrlərə aid müxtəlif eksponatlar, dünyaca üç məşhur dəniz mayakının modelləri ilə tanış olmaq mümkündür. Zalda morze əlifbası vasitəsilə məlumat ötürmək də mümkün olacaq.
Eyni zamanda zalda siqnal bayraqları və onların funksiyasının geniş auditoriya tərəfindən rahat mənimsənilməsi üçün xüsusi “bayraq interaktivi” yaradılıb.
Gəmi neft daşımaq işində ixtisaslaşdığından, birinci yük qutularından ibarət yer var. Bu zalda hər şey elə düzəldilib ki, həmin dövrə səyahət etmiş olursan.
Digər diqqət çəkən zallardan biri isə maşın şöbəsində gəminin ürəyi sayılan baş mühərrik, köməkçi mühərriklər, nasoslar, bir sözlə, gəmini hərəkətə gətirən qurğular illər öncəki formalarında nümayiş edilir. Burada VR eynəkləri ilə ziyarətçilər ötən əsrin ortalarına səyahət edərək maşın şöbəsində çalışan heyətin gündəlik iş həyatını izləyə bilərlər.
Ekskursiya zamanı ətrafda gəminin tarixiylə bağlı çoxlu suvenir görmək mümkündür.
Havanın soyuq və küləkli olmasına baxmayaraq, mən gəminin ən üst mərtəbəsinədək qalxdım. Buradan dənizə möhtəşəm mənzərə açılmışdı.
Gəmidəki səyahəti bitirib, çıxışa doğru yollandıq. Səyahətimiz başa çatsa da, buraya təkrar gələcəyimə əminəm.
Müəllif: Aysel Azad, Foto: Ceyhun Rəhimov