"Bibiheybət" GTZ-nin direktoru Nəsib Qəhrəmanov 60 illik yubileyini qeyd edir

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Bibiheybət” Gəmi Təmiri Zavodunun direktoru Nəsib Qəhrəmanov 60 illik yubileyini qeyd edir. Bu münasibətlə ASCO-da Nəsib Qəhrəmanovla görüş keçirilib.

ASCO sədrinin I müavini Mübariz Cabbarov rəhbərlik və kollektiv adından yubilyarı təbrik edib, ona möhkəm cansağlığı, fəaliyyətində uğurlar arzulayıb. Mübariz Cabbarov Nəsib Qəhrəmanovun gəmi təmiri sahəsindəki fəaliyyətini yüksək qiymətləndirib, dəniz nəqliyyatının inkişafına verdiyi töhfələrə görə ona təşəkkürünü bildirib.

Yubilyar öz növbəsində xoş münasibətə, göstərilən diqqət və qayğıya görə ASCO rəhbərliyinə və kollektivə minnətdarlığını bildirib.

Nəsib Qəhrəmanov 1962-ci il avqustun 25-də Şamaxı rayonu Çarhan kəndində dünyaya göz açıb.

1985-ci ildə “Çingiz İldırım” adına Azərbaycan Politexnik İnstitutunun Mühəndis-mexanik ixtisasını bitirib.

1986-cı ildən “Xəzərneftqazdonanma” idarəsinin  ХХI  Partiya Qurultayı adına Gəmi Təmiri Zavodunda normallaşdırma üzrə mühəndis vəzifəsində əmək fəaliyyətinə başlayıb. 36 il fasiləsiz olaraq gəmi təmiri sahəsində çalışan yubiliyar son 13 ildir, “Bibiheybət” Gəmi Təmiri Zavoduna rəhbərlik edir.

N. Qəhrəmanovun gərgin əməyi hər zaman yüksək qiymətləndirilib. Prezident İlham Əliyevin sərəncamları ilə 2013-cü ildə “Tərəqqi” medalı, 2020-ci ildə III dərəcəli “Əmək” ordeni ilə təltif olunub.  Bundan başqa, o, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)” yubiley medalına layiq görülüb.

BİZİ İZLƏYİN

Bizə abunə olun və "Suraxanı" gəmi-muzeyinə aid olan yeni layihələr və xəbərlər haqqında qısa vaxtda xəbərdar olun.