Beynəlxalq konfransın iştirakçıları “Suraxanı” gəmi-muzeyində olublar
Ümumrusiya Dekorativ Sənəti Muzeyi və Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və MDB ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi ilə Bakıda keçirilən “Resurslar və mədəniyyət: arxeologiyadan yeni texnologiyaya” adlı konfransın iştirakçıları ASCO-nun “Suraxanı” gəmi-muzeyini ziyarət ediblər.
Ekspozisiya zalları ilə yaxından tanış olan qonaqlara gəmi-muzeydə tətbiq olunan müasir texnologiyalar, o cümlədən artırılmış və virtual reallıq sistemləri, interaktiv avadanlıqlar, manipulyatorlar və trenajorlar haqqında ətraflı məlumat verilib.
Həmçinin konfrans iştirakçılarının diqqətinə çatdırılıb ki, muzeydə davamlı olaraq müxtəlif sərgilər və layihələr həyata keçirilir. Bu tədbirlər zamanı müasir texnologiyaların imkanlarından geniş istifadə edilir.
Ziyarət çərçivəsində dünyanın müxtəlif ölkələrinin muzey rəhbərləri və texniki işçiləri ilə “Suraxanı” gəmi-muzeyi arasında əməkdaşlq barədə də fikir mübadiləsi aparılıb. Müzakirələr zamanı gələcəkdə vahid intranet xarakterli rəqəmsal əməkdaşlıq platformasının yaradılmasının vacibliyi vurğulanıb. Bildirilib ki, bu platforma mədəni irsin qorunmasına töhfə verəcək, yeni texnologiyaların tətbiqi üzrə bilik və təcrübə mübadiləsinə şərait yaradacaq.
Yekununda qonaqlar gəmi-muzeyin xatirə kitabına xoş təəssüratlarını yazıblar. Həmçinin onlara muzeyə aid “Bələdçi kitabı” və “Dənizçi əlifbası” nəşrləri təqdim olunub.