“Suraxanı” gəmi-muzeyində “Şövkət” filmi nümayiş olunub
Heydər Əliyev Fondunun və IDEA İctimai Birliyinin təşkilatçılığı, Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə keçirilmiş “Bakıya Uçuş. İncəsənət Həftəsonu. Gələcəyi İNDİ Duy” (Fly to Baku. Art Weekend. Sense the Future NOW) layihəsi çərçivəsində “Suraxanı” gəmi-muzeyində “Şövkət” filmi nümayiş olunub.
“Art Weekend” layihəsinin əsas ideyası incəsənət vasitəsilə keçmişlə gələcək arasında duyğu əlaqəsi yaratmaqdır. Bu baxımdan filmin məhz gəmi-muzeydə nümayiş etdirilməsi təsadüfi deyil. “Suraxanı” dənizçilik irsinə açılan qapı, Azərbaycan gəmiçiliyi tarixinin canlı yaddaşıdır.
Filmin süjet xətti Azərbaycanın ilk qadın gəmi kapitanı Şövkət Səlimovanın həyatına və fəaliyyətinə, onun peşəsinə, cəsarətinə və ilhamverici obrazına həsr olunub. Ekran əsəri həm mədəniyyət və tarix arasında körpü rolunu oynayır, həm də “Bakıya Uçuş. İncəsənət Həftəsonu. Gələcəyi İNDİ Duy” festivalının su və dəniz mövzularına əsaslanan konsepsiyasını əks etdirir.
Nümayişdən sonra qonaqlar xanım kapitanın həyat və fəaliyyətini əks etdirən unikal ekspozisiya ilə tanış olublar. Bununla yanaşı, festival çərçivəsində gəmi-muzeydə təşkil edilən tematik turlar ziyarətçilərə sənət və tarix arasında özünəməxsus bir səyahət təcrübəsi yaşadıb.