Ukraynanın keçmiş prezidenti Viktor Yuşenko ASCO-nun “Suraxanı” gəmi-muzeyini ziyarət edib
Ukraynanın keçmiş prezidenti Viktor Yuşenko, Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev və digər rəsmilər “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Suraxanı” gəmi-muzeyini ziyarət ediblər.
Dünyanın ilk tanker-muzeyi ilə tanışlıq zamanı qonaqlara burada nümayiş etdirilən ekspozisiyalar, eləcə də müasir multimedia və audiovizual sistemlər təqdim olunub. Ukrayna dilində keçirilən ekskursiya çərçivəsində ziyarətçilərə Azərbaycanın zəngin dənizçilik ənənələri, Xəzər hövzəsində fəaliyyət göstərən ən qədim gəmiçilik şirkəti olan ASCO-nun tarixi və fəaliyyəti barədə ətraflı məlumat verilib.
Ukraynanın keçmiş prezidenti Viktor Yuşenko “Suraxanı” gəmi-muzeyinin “Fəxri qonaqlar” kitabında ürək sözlərini yazaraq, ekskursiyadan məmnunluğunu ifadə edib və Azərbaycanın zəngin dənizçilik irsinin qorunması, gələcək nəsillərə çatdırılması və təbliği istiqamətində görülən işləri yüksək qiymətləndirib.