“Cığır” İB-nin uşaqları “Suraxanı” gəmi-muzeyini ziyarət ediblər
“Cığır” Mənəvi Dəyərlərin İnkişafına Dəstək İctimai Birliyinin himayəsində olan uşaqlar və birliyin könüllüləri “Suraxanı” gəmi-muzeyində qonaq olublar.
Bakının müxtəlif qəsəbələrində yaşayan bu uşaqlar “Cığır” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən “Salam Yurdu” Təlim-Tədris Mərkəzində və mütaliə layihəsində fəallığı ilə seçilənlərdir.
Ziyarətçilərə muzeyin yaranma tarixi, Azərbaycanın zəngin dənizçilik irsi və ekspozisiyada nümayiş etdirilən nadir eksponatlar barədə ətraflı məlumat verilib. Qonaqlar, həmçinin müxtəlif tarixi sənədlər və fotoşəkillərlə tanış olublar.
Uşaqlar muzeyin ekspozisiya zallarında təqdim olunan artırılmış reallıq sistemlərini, interaktiv oyunları və digər multimedia imkanlarını böyük maraqla sınaqdan keçiriblər.
Bu ekskursiya ASCO-nun Korporativ Sosial Məsuliyyət istiqamətində həyata keçirdiyi fəaliyyətlərin tərkib hissəsidir.