Gəmi-muzeydə “AIRO 2026”nın təqdimatı və robototexnika sərgisi keçirilib
ASCO-nun “Suraxanı” gəmi-muzeyində “AIRO 2026” Beynəlxalq Robot Olimpiadasının rəsmi təqdimatı və robototexnika sərgisi keçirilib.

Tədbirdə Azərbaycan Dövlət Dəniz Akademiyasının tələbə və müəllim heyəti, “Azerobot” Tədris Mərkəzi, Bakı Ali Neft Məktəbi, “Maestro School” proqramlaşdırma mərkəzinin nümayəndələri, eləcə də gənc ixtiraçılar və texnologiyaya maraq göstərən fəallar iştirak ediblər.
Təqdimat zamanı olimpiadanın müxtəlif istiqamətlər üzrə kateqoriyaları, yarış qaydaları, texniki tələblər və qiymətləndirmə meyarları ətraflı izah olunub. Həmçinin proqram çərçivəsində ilk dəfə təşkil ediləcək "hackathon", eləcə də gənclər arasında böyük maraq doğuran "meqa sumo" və "mini sumo" robot yarışmaları barədə məlumat verilib.
Tədbir zamanı Azərbaycan Dövlət Dəniz Akademiyasının “ASCO Techno” komandası ilə “Azerobot” Tədris Mərkəzinin komandası arasında robot döyüşü də nümayiş etdirilib. İştirakçılar gənclər tərəfindən hazırlanmış innovativ texnologiyaların iş prinsipləri ilə yaxından tanış olublar.
Mentorlar və sahə üzrə mütəxəssislər robototexnika və süni intellekt mövzusunda sualları cavablandıraraq, gəncləri bu sahədə daha fəal olmağa çağırıblar.
Qeyd edək ki, ASCO “Azerobot” Tədris Mərkəzi ilə əməkdaşlıq çərçivəsində robototexnika və innovasiya sahəsində layihələri davamlı olaraq dəstəkləyir. Bu təşəbbüslərə “Gəmiçilik: gənc ixtiraçılar və innovasiyalar” layihəsi də daxildir.
Məlumat üçün bildirək ki, “AIRO 2025” Beynəlxalq Robot Olimpiadasında Azərbaycan Dövlət Dəniz Akademiyasının tələbələrindən ibarət “ASCO Techno” komandası "meqa sumo" kateqoriyasında uğurla çıxış edib. Həmin olimpiadanın yekun qala gecəsi isə “Suraxanı” gəmi-muzeyində keçirilib.